Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər yağlı qidalardan və stresdən uzaq olmalıdır
Bakı, 9 sentyabr, AZƏRTAC
Son dövrlər ürək-damar xəstəlikləri dünyada geniş yayılıb. İnkişaf edən ölkələrdə belə, ürək problemləri ölümə səbəb olan xəstəliklər sırasında ilk yerdədir. Lakin 15-20 il ərzində farmakoterapiya, cihaz terapiyasında böyük irəliləyişlər əldə olunub.
AZƏRTAC Nərimanov Tibb Mərkəzinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin kardioloqu Lalə Həsənova deyib.
“Hazırda kəskin miokardın qarşısı alınır, vaxtında xəstəyə müdaxilə olunur ki, ürək çatışmazlığı yaranmasın. Bundan əlavə, şəkərli diabet geniş yayılıb. Şəkər xəstələrində ağrı simptomları olmadığına görə həmin xəstələr vaxtında həkimə müraciət etmirlər. Bu da nəticədə ürək çatışmazlığına gətirib çıxarır. İndiki həyat tərzi çox stres yaradır. İnsanlarda stres risk faktoru olaraq yüksək qan təzyiqinə səbəb olur. Bu da aritmiyalara, miokard infarktına və ürək çatışmazlığına gətirib çıxarır. Ürək qan-damar xəstəliklərinin, miokard infarktının olmaması üçün gün ərzində hər bir insan 5-6 kilometr məsafəni qət etməlidir, pəhrizə fikir verməli, yağlı qidalardan və imkan daxilində stresdən uzaq olmalıdır. Bütün bunlara əməl edilsə, ürək qan-damar xəstəliklərindən uzaq olmaq mümkün ola bilər. Ürəyinizdə narahatlıq hiss etdiyiniz zaman mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur”.