SİYASƏT
Uruqvay Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etmək niyyətindədir
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Azərbaycanda səfərdə olan Uruqvay Respublikası parlamentinin nümayəndə heyəti ilə Milli Məclisin Uruqvay-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri arasında görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iki dövlət arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulduğunu diqqətə çatdırılmışdır. Bildirmişdir ki, artıq bir sıra qarşılıqlı səfərlər həyata keçirilmiş və mövcud əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait yaradılmışdır.
Azərbaycan haqqında qonaqlara məlumat verən C.Feyziyev bildirmişdir ki, rəsmi Bakı dünyanın bütün dövlətləri ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir. Böyük neft və qaz ixrac etmək potensialına malik olan Azərbaycan sürətlə inkişaf etməkdədir. Hazırda Azərbaycanın neftdən gələn gəlirinin böyük hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu gələcəkdə Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcəkdir.
İqtisadi-siyasi və digər sahələrdə faydalı əməkdaşlığın davam etdirilməsi üçün ölkəmizdə Uruqvay Respublikasının səfirliyinin açılmasının zəruri olduğunu bildirən C.Feyziyev bu addımın ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradacağını nəzərə çatdırmışdır.
Səmimi görüşə görə təşəkkürünü bildirən Uruqvay Respublikası parlamentinin nümayəndə heyətinin rəhbəri Doren Xavyer İbora demişdir ki, Azərbaycanın sürətli iqtisadi inkişafı cəlbedicidir. Uruqvay Azərbaycan ilə bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq etmək niyyətindədir. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün yaradılmış əlaqələrdən səmərəli istifadənin zəruriliyini bildirən qonaq, Azərbaycanın beynəlxalq aləmdə fəal siyasət apardığını söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.