USAİD AZƏRBAYCANDA İKT SAHƏSİNDƏ APARILAN İSLAHATLARDAN MƏMNUNDUR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ Yardım Agentliyinin (USAİD) Azərbaycan üzrə əlqələndiricisi Skot Teylor və USAİD-in Azərbaycan üzrə iqtisadi proqramlar üzrə rəhbəri Pol Devis ilə görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə USAİD-in nümayəndələri Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparılmış islahatlardan məmnun olduqlarını bildirmiş, rabitə və İKT-nin müvafiq sahəsində 2 il ərzində monitorinqlər, təhlillər apardıqlarını və nəticələrdən razı qaldıqlarını qeyd etmişlər. Onlar ölkə başçısı İKT-ni prioritet sahə adlandırdıqdan sonra nazirliyin həyata keçirdiyi tədbirləri, gördüyü işləri mütərəqqi hesab etdiklərini və USAİD-in bu tədbirlərin davam etdirilməsində yaxından iştirak etməyə hazır olduğunu bildirmişlər.
Nümayəndələr USAİD-in Azərbaycanda regional innovasiya zonasının yaradılmasında, müstəqil tənzimləmə qurumunun formalaşdırılmasında, telekom sektorunun liberallaşdırılması, özəlləşdirilməsi istiqamətində texniki yardım layihələrinin həyata keçirilməsində maraqlı olduğunu bildirmişlər. Bu ilin iyununda keçirilməsi planlaşdırılan ABŞ-Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclasında həmin layihələrin Birləşmiş Ştatlar tərəfindən dəstək qazanacağına səy göstərəcəklərini qeyd etmişlər.
Əli Abbasov USAİD nümayəndələrinin təkliflərini yüksək qiymətləndirmişdir. Görüşdə yaxın zamanda USAİD və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əlaqədar strukturlarının mütəxəssislərindən ibarət birgə işçi qrup yaradılması, təhlillər, müzakirələr aparılmalı, daha sonra birgə tədbirlər planının hazırlanması və müvafiq istiqamətlər üzrə konkret işlər görülməsi qərara alınmışdır.