CƏMİYYƏT
Uşaq sığınacaqlarında müayinələr davam edir
Bakı, 11 iyun, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin uşaq sığınacaqlarında keçirdiyi tibbi müayinələr zamanı ixtisaslı həkim müayinəsinə ehtiyacı olduğu müəyyən edilənlərin müxtəlif tibb müəssisələrində müayinələri davam edir.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, növbəti müayinələr K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həyata keçirilib. İxtisaslı həkim qəbulunda olan 14 uşaq laborator və instrumental müayinələrə cəlb edilib. Müayinə edilənlərdən birinə cərrahi əməliyyat təyin olunub. Sol bazu sümüyündə sınıqlar aşkar edilən bir uşağın qoluna gips sarğısı qoyulub, bir nəfər isə Uşaq Nevroloji Xəstəxanasına göndərilib. Oftalmoloji müayinədən sonra təyin olunan eynəklər, eləcə də müayinə olunan uşaqların müalicə prosesində istifadə olunacaq dərman preparatlarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təmin edəcək.