Uşaqlara həsr olunan konsert-sərgi keçirilib
Bakı, 31 may, X.Məmmədova, AZƏRTAC
Mayın 31-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin direktoru Sevinc Mikayılova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə geniş şəkildə qeyd edilməsindən danışıb. Bildirib ki, uşaq hüquqları ilə bağlı yaranan məsələləri tənzimləmək və uşaqların müdafiəsini təmin etmək məqsədilə 1998-ci ildə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Dövlətimiz uşaqlara hər zaman diqqət və qayğı ilə yanaşır.
Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı videoçarx nümayiş etdirilib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının istedadlı şagirdlərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub. Konsertdən sonra gimnaziyanın balaca rəssamlarının əl işlərindən ibarət sərgi açılıb.