CƏMİYYƏT
Uşaqlarda göyöskürək tutmaları və müalicə üsulu
Bakı, 12 fevral, AZƏRTAC
Azyaşlılar arasında yayılan təhlükəli xəstəliklərdən biri də göyöskürəkdir. Xəstəliyin əsas əlaməti adi qrip kimi olsa da, daha sonra boğaz ağrısı meydana çıxır.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Nigar Bayramovanın dediyinə görə, bakterial infeksiya hava-damcı yolu ilə yayılır. Xəstəliyin üç ay və bəzən daha çox davam etməsi mümkündür: “Xəstəlik uşaqlarda asqırma, öskürmə, burundan selik axması və qızdırma kimi əlamətlərlə müşayiət olunur, boğulma şəklində öskürəklə özünü büruzə verir. Əsasən gecələr öskürək halları daha çox müşahidə olunur. Həmin dövrdə uşağın sifətində qızarmalar, tənəffüsün çətinləşməsi, üzün göyərməsi və sonra bəlğəm qusması ilə müşayiət olunan öskürək tutmaları baş verir”.
Xəstəliyə yoluxmamağın yeganə yolu peyvənd olunmaqdır. Həkim-pediatrın dediyinə görə, son vaxtlar valideynlərin övladlarını peyvənd etdirməməsi belə xəstəliklərin artmasına gətirib çıxarır: “Körpələrdə, xüsusən də həyatın ilk 28 günündən 12 aya qədər yaş dövründə qripə bənzər əlamətləri varsa, həkim müayinəsi vacibdir. Xəstəliyin yeganə qorunma yolu peyvənddir. Peyvəndləmə iki aylıqdan başlanır. Peyvəndi gecikmiş uşaqlar olduqda, onlar gecikmiş təqvim əsasında göyöskürək əleyhinə peyvənd edilirlər. Bu, xəstəliyin həm şiddətinin azalmasına, həm yoluxmanın qarşısının alınmasına, həm də göyöskürəklə əlaqədar uşaqların stasionar müalicəsinin və antibiotik istifadəsinin azalmasına səbəb olur”.