Uşaqların fizioterapevtik üsullarla müalicəsi xüsusilə müsbət nəticə verir
Bakı, 8 sentyabr, AZƏRTAC
Paytaxtın Sabunçu rayonundakı 22 nömrəli uşaq poliklinikası Bakıxanov qəsəbəsində uşaqlara xidmət edən yeganə səhiyyə ocağıdır. Müəssisə 21 min uşağın sağlamlığının keşiyində dayanır.
Poliklinikanın baş həkimi Vəfa Əliyeva AZƏRTAC-a verdiyi məxsusi müsahibədə deyib: “Bizim səhiyyə müəssisəsində uşaqların ilboyu tibbi müayinəsi aparılır. Bu yoxlamalar dərs ili müddətində məktəblilər, yay tətili zamanı isə məktəbəqədər yaşlı uşaqlar arasında keçirilir. Həmin tədbirin aparılmasında başlıca məqsəd xəstəlikləri ilkin mərhələdə aşkarlamaq və vaxtında qarşısını almaqdan ibarətdir. Avqust ayında poliklinikada 1723 uşağın müayinədən keçirilməsi nəzərdə tutulduğu halda 1627 uşaq müayinə edilib. Onlardan 423-ü beş yaşınadək olan uşaqlardır. Müayinədən keçənlərin 858-ni 6-13, 346-nı isə 14-17 yaş arası olanlar təşkil edir. Aparılan müayinələr göstərdi ki, uşaqlar, xüsusilə də məktəbyaşlılar arasında fizioterapevtik müalicələrə daha çox ehtiyac var. Ayıpəncəlik, skolioz, kifoz kimi xəstəliklər vaxtında müalicə olunmadıqda sonralar daha böyük fəsadlara səbəb olur. Ona görə də müalicəvi və bədən tərbiyəsi masajları vasitəsilə həmin xəstəlikləri aradan qaldırmağa çalışırıq, çünki əzələ və sümük sisteminin hələ kövrək olduğu vaxtlarda həmin problemləri yoluna qoymaq mümkündür. Cərrahlar müayinə zamanı skolioz və kifoz, otolarinqoloqlar burunda adenoid, boğazda odenoma, pediatrlar əzələ boşluğu və əyripəncəlilik aşkar etdikdə, ilk növbədə, uşağı fizioterapevtik üsullarla müalicəyə yönləndirirlər. Fizioterapiyanın öz qanunları var. Müalicə prosedurları xəstəliyin ağırlıq dərəcəsindən və uşağın vəziyyətindən asılı olaraq təyin olunur. Prosedur müddəti 5 gündən 15 günədək davam edir. Ehtiyac olduğu təqdirdə və problem tam sovuşmadıqda müalicə müəyyən fasilədən sonra daha 15 gün davam etdirilir. Aparılan prosedurlar nəticəsində uşaqların sağlamlığında çox ciddi irəliləyişlər müşahidə olunur”.
Müalicələrin gedişi barədə məlumat verən baş həkim qeyd edib: “Uşaqların həm müalicədən əvvəl, həm də sonra rentgen şəkilləri çəkilir. Həmin fotolara əsasən aparılan müalicələrin səmərəsini görmək mümkündür. Xüsusilə müalicə prosedurları nəticəsində skoliozlar ən azı bir dərəcə aşağı düşür.
Bronxit, raxit və nevroloji xəstəliklər zamanı elektrofarez və digər kompleks üsullardan istifadə edilir. Skolioz və ayıpəncəlik problemi olduqda isə dartınma, şam hərəkətləri, qumla müalicə, eləcə də müalicəvi masaj və müxtəlif bədən tərbiyəsi üsulları tətbiq olunur. Müalicə zamanı istifadə olunan zeytun və küncüt yağları və D2 vitamini qarışığı ilə masajlarla da müsbət təsir əldə etmək olar”.
Baş həkim fizioterapevtik müalicə üsullarını yaxşılaşdırmaq üçün gələcəkdə Darsanval, stimulyasiya və inqalyasiya aparatlarının da alınacağını bildirib ki, bu da aparılan müalicələrin keyfiyyətini daha da artıracaq.