CƏMİYYƏT
ÜST infeksiyanın qarşısının alınmasında Azərbaycana dəstək olmağa davam edir
Bakı, 1 iyul, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyanın qarşısının alınmasında Azərbaycana dəstək olmağa davam edir. Aİ və ÜST-nin birgə layihəsi olan “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində Azərbaycanda xəstəxanalarda infeksiyaların profilaktikası və nəzarət (İPN) üzrə məsul şəxsləri üçün təlimlər təşkil edilib.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, “Tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarətin təşkili planının hazırlanması” təlimində ölkə üzrə 50-dək tibb müəssisəsindən 100-dək tibb işçisi ÜST-nin “Müəssisə səviyyəsində infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin qiymətləndirilməsi mexanizmi” və “Əl gigiyenası özünü qiymətləndirmə çərçivəsi və sistem dəyişiklikləri” təlimatlarından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti qiymətləndirə bilməyi və fəaliyyət planı hazırlamağı öyrənib.
Təlimi müvəffəqiyyətlə başa vuran tibb işçilərinə sertifikatlar təqdim edilib. Qeyd edək ki, TƏBİB ilə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlərin iştirakçıları ÜST-nın İPN üzrə beynəlxalq məsləhətçisi Can Hekimoğlu və ÜST-nın İPN üzrə milli məsləhətçisi Nilufər Məmmədova tərəfindən daha öncə keçirilmiş təlimlərdə iştirak edib.