MƏDƏNİYYƏT
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaranmasından 90 il ötür
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) yaradılmasının 90 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək Bakı Musiqi Akademiyasının keçdiyi yolun əlamətdar və diqqətəlayiq olduğunu söyləmişdir. Bildirilmişdir ki, BMA Şərqdə ilk ali musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı vaxtdan zəngin bir yol keçmiş, mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazmışdır. Ölkəmizdə görkəmli bəstəkar və ifaçılar nəslinin yetişməsində bu təhsil ocağının xüsusi rolu vardır.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, 1921-ci ildə Şərqdə ilk ali musiqi təhsili ocağının yaranması ölkədə mədəni prosesin irəliləyişi, tamamilə yeni ruhda tərbiyələnən musiqiçilərin meydana gəlməsi ilə nəticələnmişdir. Bakı Musiqi Akademiyası bu müqəddəs vəzifəni indi də şərəflə həyata keçirir.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli vurğulamışdır ki, BMA-nın kollektivinin böyük bir hissəsi bu ali musiqi təhsili ocağının 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülmüşdür. Bu isə Azərbaycan mədəniyyətinə göstərilən dövlət qayğısının daha bir nümunəsidir.
Sonra Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə təltif edilmiş əməkdaşlara mükafatlar təqdim olunmuşdur.
Yubiley tədbiri Bakı Musiqi Akademiyasının tələbə kamera orkestrinin ifasında konsert proqramı ilə davam etmişdir.