CƏMİYYƏT
Vaqif Məmmədov: Gəncləri layiqli vətənpərvərlər kimi böyütməliyik
Bakı, 16 fevral, AZƏRTAC
Vətənə sevginin haradan başlamağı hər kəs üçün fərqli olsa da, onun ünvanı, hədəfi birdir. Hamımız bizi bu dünyaya gətirən, ilk dəfə gözümüzü işıqlı dünyaya açdığımız, beşiyimiz başında laylamız çalınan evi, nənnimiz qurulan həyəti, qədəm basdığımız bağçanı, təhsil aldığımız məktəbi, su içdiyimiz bulağı, gəzdiyimiz bağı, parkı sevə-sevə əvvəlcə öz el-obamızı, doğulduğumuz məhləni, kəndi, sonra isə bütöv Vətəni sevməyə başlayırıq. Bu sevgi ana südü, ata qanı, ailə tərbiyəsi ilə ötürülür və özümüzü bizi bu dünyaya bəxş edən Vətənə borclu hesab edirik. İllər, əsrlər keçir, nəsillər dəyişir, amma görünür ki, bu müqəddəs hiss, bu duyğu dəyişməz olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yasamal rayon veteranlar təşkilatının sədri, əmək veteranı Vaqif Məmmədov Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışına münasibət bildirərkən deyib.
Bu, tarixi bir çıxış idi. Həyatımızın bütün sahələri ilə bağlı qarşıda duran vəzifələr, görülməli işlər orada aydın göstərilir, - deyə həmsöhbətimiz bildirib. - Əlbəttə ki, dövlət başçısının milli-mənəvi dəyərlər, konkret olaraq vətənpərvərlik tərbiyəsi sahəsində dedikləri xüsusilə ibrətamizdir. O, ideoloji risklərin xüsusilə artdığı indiki şəraitdə gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasını prioritet vəzifə kimi müəyyən etdi. Yasamal rayonu paytaxtın ən çox ali məktəb, təhsil ocaqları ilə zəngin olan rayonudur. Ona görə də burada gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi çox əhəmiyyətli yer tutur. Buradakı ali təhsil ocaqları və məktəblərdə vaxtaşırı olaraq Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi qaziləri ilə görüşlər keçirir, onların döyüş və qəhrəmanlıq yolu ilə gəncləri yaxından tanış edirik. Öz vətənpərvərliklərini 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanlarında yüksək səviyyədə nümayiş etdirənlərlə görüşmək, onların canlı xatirələrini eşitmək görüşdə iştirak edən gənclərə çox şey verir. Bununla yanaşı hərbçilərlə də onların vaxtaşırı görüşünü təşkil edir, vətənpərvərlik ruhlu söhbətlər aparırıq.
Veteran fikrinə belə davam edib: “Vətən müharibəsində gənc əsgər və zabitlərimizin şücaət və qəhrəmanlığı göstərdi ki, bu sahədə özünəməxsus ənənə var və ata-babalarımızdan gələn həmin ənənə uğurla davam etdirilir. İşğal altındakı torpaqlarımızın quldur birləşmələrindən təmizlənməsində məhz XXI əsrdə tərbiyə olunan gənclərin fədakarlıq və cəsurluğu böyük rol oynadı. Bütün bunlar göstərir ki, gənclər sağlam təməl üzərində böyüyüb tərbiyə alır. Dövlət başçısı öz çıxışında Azərbaycan ailəsinin sağlam ailə olduğunu vurğuladı. Ailə isə tərbiyənin bünövrəsi, başlanğıcıdır. Düzgün təməl üzərində böyüyən nəsil heç vaxt yolundan sapmayacaq, xalqına, millətinə, torpağına sədaqət ruhunda böyüyəcək. Vətən müharibəsinin təcrübəsi göstərdi ki, gənclərimiz doğru yoldadır və ailələrdə qoyulan sağlam bünövrə gələcək əsgər və zabitin doğma yurda sədaqət hissində tərbiyəsinə xidmət edir. Öz qanı ilə tarix yazan şəhid və qazilərimizin nümayiş etdirdikləri hünər nümunəsi bunun bariz təsdiqinə çevrildi. Ona görə də bu döyüş ruhu və qələbə əzmini sonrakı nəsillərə də aşılamalı, onların torpaqlarımızın sadiq müdafiəçiləri və ata-babaların layiqli varisləri olması üçün hərbi-vətənpərvərlik, eləcə də milli-mənəvi sahədə aparılan tərbiyə işini daha da gücləndirməliyik”.