İQTİSADİYYAT
Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub
Bakı, 2 aprel, AZƏRTAC
Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq konfransın IV sessiyası keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Ayxan Əlməmmədov iştirak ediblər.
Sessiya zamanı “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” layihəsinin 28-38-ci maddələrinin müddəaları nəzərdən keçirilib, bəzilərinə düzəlişlər və əlavələr edilib. Bütün gedişat və qəbul edilmiş dəyişikliklərin və əlavələrin mətni ingilis, çin və rus dillərində tərtib olunub və imzalanan protokolda əks olunub.
Həmçinin Konfransın IV sessiyasında Konvensiyasının mübahisəli maddələrinə baxılması və onların işlənməsi üçün müvafiq İşçi qrupunun yaradılması qərara alınıb.
Beynəlxalq Konfransın V sessiyasının 2018-ci il 19-23 noyabr tarixlərində Varşavada keçirilməsi qərara alınıb.