SİYASƏT
Vaşinqtonda 2014-cü il ildən sonrakı Əfqanıstanın inkişafında Azərbaycanın rolu barədə müzakirələr aparılmışdır
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 9-da Vaşinqtonda ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən “İstanbul Prosesi - 26 aprel, Astana görüşü: 2014-cü ildən sonrakı Əfqanıstanda aydınlığa doğru” mövzusunda tədbir təşkil edilmişdir.
Bu il aprelin 26-da “İstanbul prosesinin” Almatıda keçiriləcək yüksək vəzifəli nümayəndələrinin görüşünə həsr edilmiş tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Nərgiz Qurbanova, Qazaxıstanın səfiri Kairat Umarov, Dövlət Katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisinin müavini xanım Lin Treysi və Türkiyə səfirliyinin müşaviri Timur Söyləməz çıxış etmişlər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Nərgiz Qurbanova “İstanbul prosesi” çərçivəsində həyata keçirilən etimad quruculuğu tədbirlərində Azərbaycanın aparıcı rolundan danışmış, Əfqanıstan iqtisadiyyatının inkişafı üçün bu ölkənin regional nəqliyyat şəbəkəsi vasitəsilə dünya bazarına inteqrasiyasının vacibliyini vurğulamışdır: N.Qurbanova demişdir: “Əgər biz Əfqanıstanı inkişaf etmiş, sabit və müstəqil görmək istəyiriksə, bu ölkənin iqtisadiyyatının inkişafına dəstək verməliyik”.
Əfqanıstanın inkişafının təkcə daxili amillərdən deyil, həm də region ölkələrində gedən inkişaf proseslərindən də asılı olduğunu qeyd edən N.Qurbanova 2014-cü ildən sonra bu ölkənin regional ticarət və nəqliyyat şəbəkəsinə qoşulmasının zəruriliyini qeyd etmişdir. Bu proseslərdə Azərbaycanın imkanlarından danışan müşavir ölkəmizin əlverişli coğrafi mövqeyi, o cümlədən Şimal-Cənub, Şərq-Qərb oxu üzərində yerləşməsi, Qara və Aralıq dənizləri limanlarına yaxınlığı haqqında məlumat vermişdir. N.Qurbanova Azərbaycanın həyata keçirdiyi regional infrastruktur layihələrinin əhəmiyyətini də vurğulamışdır. Bildirilmişdir ki, bu amillər Azərbaycanın regionda həyata keçirilən bütün nəqliyyat layihələrində, o cümlədən TRACECA, CAREC proqramlarının təşviq etdiyi nəqliyyat dəhlizləri kontekstində vacib rolunu təmin edir.
ABŞ Dövlət Katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə köməkçisinin müavini Lin Treysi “İstanbul prosesi” haqqında danışarkən Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən əfqanıstanlı diplomatlara təlimlərin keçirilməsini və elm sahəsinə töhfələr verməsini təqdir etmişdir. Azərbaycanın inşa etdirdiyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının regional yükdaşımanın artmasına kömək edəcəyini vurğulayan L.Treysi Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin regionu Avropa ilə birləşdirəcəyini vurğulamışdır.