CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb
Bakı, 1 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) İspaniyanın Madrid şəhərində yerləşən “Nebext” beynəlxalq təşkilatının müsabiqəsində növbəti uğuruna imza atıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “European Digital Mindset Awards” adlı beynəlxalq müsabiqədə DSMF-nin təqdim etdiyi iş yüksək qiymət alıb və Fond müsabiqənin “Best Digital Transformation Enterprise” kateqoriyası üzrə təşkilatın xüsusi mükafatına layiq görülüb.
Həmin mükafat funksional idarəçilikdə informasiya texnologiyaları və yeni rəqəmsal biznes modelləri əsasında innovativ yanaşmalar tətbiq edən, o cümlədən rəqəmsal transformasiyanı və proaktiv xidmət modelini təşviq edən təşkilatlara verilir.
Bu il DSMF artıq 17 beynəlxalq mükafata layiq görülüb. Son üç il yarım ərzində isə Fond 40 beynəlxalq sertifikat və mükafatla təltif olunub.