SİYASƏT
Vaşinqtonda Azərbaycanın inkişafı və regionda vacib rolu məsələsi müzakirə edilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/1407926852377260739_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926852676554975_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268525995217370_1200x630.jpg)
Vaşinqton, 14 noyabr (AZƏRTAC). Noyabrın 13-də Azərbaycanın ABŞ-dakı səfirliyində Vaşinqtonda fəaliyyət göstərən və mədəniyyətlərarası dialoqun təşviqini dəstəkləyən “Rumi Forum” ilə birlikdə “Azərbaycan - inkişaf etməkdə olan regional güc: dünən, bu gün, sabah” mövzusunda “dəyirmi masa” təşkil edilmişdir.
Tədbirdə bir sıra tanınmış analitik qurumların və “beyin mərkəzləri”nin nümayəndələri, nüfuzlu ekspertlər iştirak etmişlər.
“Rumi Forum”un direktoru Emre Çelik rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən və Azərbaycan ilə əməkdaşlığından danışmışdır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək ölkəmizin dünya miqyasında artan nüfuzu barədə danışmış, regionda lider dövlətə və uğurlu inkişaf nümunəsinə çevrildiyini diqqətə çatdırmışdır. Diplomat bildirmişdir ki, Azərbaycan daim öz tərəfdaşlarına sadiqdir və qarşılıqlı olaraq onlardan eyni münasibət gözləyir.
Tədbirdə moderator kimi çıxış edən ABŞ-ın Yaxın Şərq İnstitutunun eksperti, III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Aleks Vatanka son illərdə Azərbaycanın böyük nailiyyətlər əldə etdiyini bildirmişdir. Amerikalı ekspert bütün sahələrdə sürətlə inkişaf edən, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın dünyəvi və tolerant dövlət olduğunu vurğulamışdır. Aleks Vatanka bu baxımdan Azərbaycanın bir çox müsəlman dövlətləri üçün nümunə ola biləcəyini söyləmişdir. O, amerikalı siyasətçiləri ölkəmizin regiondakı artan roluna daha çox diqqət yetirməyə çağırmışdır.
Sonra tədbirdə regionda gedən proseslər və ölkəmizin rolu barədə fikir mübadiləsi aparılmışdır. Tədbirdə iştirak edən ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli üzrə danışıqlar prosesi barədə məlumat vermişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton