Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb
Vaşinqton, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Elin Süleymanov müasir müstəqil və suveren Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi, iqtisadiyyatının inkişafı və beynəlxalq nüfuzunun artmasında göstərdiyi misilsiz xidmətlərini xatırladıb.
Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsinin xalqımız üçün əlamətdar hadisə olduğunu söyləyib. O, Qarabağın və xüsusilə, Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu bildirərək, hazırda onun ruhunun şad olduğunu qeyd edib.
Mərasimdə iştirak edən ABŞ-dakı Azərbaycan icmasının nümayəndəsi Həbib Azərsina Ulu Öndərin dövlətimiz və xalqımız üçün əvəzsiz şəxsiyyət olmasından bəhs edərək, onunla bağlı xatirələrini bölüşüb.
Daha sonra Ümummilli Liderin büstü önünə güllər qoyulub və xatirəsi anılıb.
AZƏRTAC-ın Vaşinqton Bürosu