QAN YADDAŞI
Vaterlo şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib
Brüssel, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Belçikada Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycanın Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin və bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir zamanı çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim Xocalı soyqırımının Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü zamanı törədilmiş ən böyük qətliam olduğunu diqqətə çatdırıb, 26 fevralın Azərbaycan tarixinə ən unudulmaz və ən ağrılı günlərdən biri kimi həkk olunduğunu vurğulayıb. Bildirib ki, 25 il əvvəl Xocalıda həlak olmuş həmvətənlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Sonda mərasim iştirakçıları Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib, abidənin önünə əklil və gül dəstələri qoyublar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel