İDMAN
Vəfa Bəkərova: Şadıq ki, ilk dəfə Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir

Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Komandamız bu yarışda 50-yə yaxın gimnastla təmsil olunur. Çox şadıq ki, ilk dəfə Naxçıvanda bədii gimnastika üzrə belə beynəlxalq turnir keçirilir. Təşkilatçılıq yüksək səviyyədədir. Artıq birinci mükafatlandırma mərasimi başa çatıb və gimnastlarımız müxtəlif medallara layiq görülüblər. Ümid edirik ki, yarışın digər günlərində idmançılarımız bizi yenidən sevindirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə "Ocaq Sport” klubunun direktor vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova Naxçıvanda keçirilən “Grace of Nature” turniri ilə bağlı danışarkən deyib.
O, yarışın təşkilində əsas məqsədin Azərbaycanda bədii gimnastikanı təbliğ və inkişaf etdirmək olduğunu bildirib: “Təkcə Bakıda yox, eyni zamanda, regionlarımızda da idmançılarımızın yüksək səviyyədə iştirak etmələrini istəyirik. Komandamızda bədii gimnastikadan əlavə, başqa növlər də inkişaf edib. Bu ildən hava gimnastikasını da təkmilləşdiririk".
"Ocaq Sport" klubunun gimnastlarının bu vaxta qədər bir çox beynəlxalq yarışda iştirak etdiyini xatırladan V. Bəkərova idmançıların Macarıstan, Gürcüstan, Moldova, İtaliya və Latviyada Azərbaycanı layiqincə təmsil etdiklərini vurğulayıb: "Bununla yanaşı, müxtəlif festivallarda da çıxış ediblər. Qarşıda bizi müxtəlif yarışlar gözləyir. Noyabrın ortalarında özümüzün beynəlxalq yarışlarımız təşkil olunacaq. Hazırda komandamız bu yarışlara hazırlaşır”.