Vergi Məcəlləsinə son dəyişiklik biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir - RƏY
Bakı, 28 iyul, AZƏRTAC
Vergi Məcəlləsinə edilən son dəyişikliklər yeni vergi və ya əlavə maliyyə öhdəliyi yaratmır. Dəyişikliklərin əsas mahiyyəti ƏDV depozit hesablarında olan vəsaitlərin istifadəsinin daha çevik təşkil edilməsinə yönəlib. Bu, biznesin likvidliyinin artırılması istiqamətində müsbət addım hesab oluna bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
O qeyd edib ki, ƏDV depozit hesabında sahibkarın vəsaitinin illərlə bloklanması iqtisadi baxımdan səmərəli yanaşma hesab olunmurdu: “Yeni qanun layihəsində bu məsələ öz həllini tapdı. Qanuna əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergiödəyiciləri müəyyən ediləcək qayda və şərtlər çərçivəsində ƏDV depozit hesablarından Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişləri həyata keçirə biləcəklər. Uzun illərdir ki, biznes ictimaiyyəti ƏDV depozit hesablarında toplanan vəsaitlərin istifadəsinə tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasını təklif edirdi. Çünki həmin vəsaitlər sahibkarın öz dövriyyə kapitalıdır və onun iqtisadi fəaliyyəti üçün mühüm maliyyə resursu hesab olunur. Nəticədə minlərlə müəssisənin ƏDV depozit hesablarında istifadə edə bilmədiyi əhəmiyyətli məbləğdə vəsait qalırdı. Eyni zamanda, həmin müəssisələr əməkhaqqı fondu üzrə sosial sığorta ödənişlərini həyata keçirmək üçün əlavə dövriyyə vəsaiti axtarmağa, bəzən isə bank kreditlərindən istifadə etməyə məcbur olurdu. Bu isə iqtisadi baxımdan səmərəli mexanizm hesab edilə bilməzdi. Yeni mexanizm müəssisələrin dövriyyə vəsaitlərinə düşən yükü müəyyən qədər azalda, ƏDV depozit hesablarında faktiki olaraq dövriyyədən kənarda qalan vəsaitlərin iqtisadi fəaliyyətə cəlb olunmasını sürətləndirə və sosial sığorta öhdəliklərinin daha operativ yerinə yetirilməsinə imkan yarada bilər”.
İqtisadçı qeyd edib ki, bu dəyişiklik ƏDV dərəcələrinə, mənfəət vergisinə, gəlir vergisinə və digər vergi növlərinə təsir göstərmir: “Burada söhbət vergi yükünün artırılmasından deyil, mövcud maliyyə resurslarının daha səmərəli idarə olunmasını təmin edən yeni ödəmə mexanizminin tətbiqindən gedir. Hesab edirəm ki, qəbul edilən dəyişiklik doğru istiqamətdə atılmış addımdır. Lakin bu, yalnız başlanğıcdır. ƏDV depozit hesablarında olan vəsaitlərin istifadəsi gələcəkdə daha da liberallaşdırılmalı, dövlətin fiskal maraqları qorunmaqla yanaşı, sahibkarın öz vəsaitindən istifadəsinə tətbiq olunan əsassız məhdudiyyətlər minimuma endirilməlidir.
Vurğulamaq lazımdır ki, biznesin likvidliyi iqtisadi artımın əsas şərtlərindən biridir. Sahibkarın milyonlarla manat vəsaitinin uzun müddət istifadəsiz qalması investisiya imkanlarını məhdudlaşdırır, dövriyyə kapitalını zəiflədir və nəticədə iqtisadi fəallığa mənfi təsir göstərir. Bu baxımdan Vergi Məcəlləsinə edilən son dəyişiklik həm biznes mühitinin yaxşılaşdırılması, həm də qeyri-neft özəl sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bununla yanaşı, ƏDV depozit hesabı mexanizminin gələcəkdə daha çevik və biznesyönümlü model əsasında təkmilləşdirilməsi məqsədəuyğun olardı”, - deyə o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 28-də Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.