VERGİLƏR NAZİRİ 2005-Cİ İLƏ VƏ CARİ İLİN BİRİNCİ RÜBÜNƏ YEKUN VURMUŞDUR
Nazir bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi həyatın bütün sahələrində apardığı və hazırda dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkənin sürətlə inkişafı təmin olunmuş, vergi sahəsində nailiyyətlər qazanılmışdır. Nazir demişdir ki, 2005-ci il üçün vergi daxilolmaları proqnozuna artıqlaması ilə əməl olunmuş, dövlət büdcəsinə 1 milyard 420 milyon AZN əvəzinə, 1 milyard 427 milyon AZN köçürülmüşdür. İlkin məlumatlara görə, cari ilin birinci rübündə də proqnoz artıqlaması ilə yerinə yetirilmiş, nəzərdə tutulan 403,2 milyon manat əvəzinə, 415 milyon manat vergi yığılmışdır.
Ötən il 4693, bu ilin birinci rübündə isə 1428 səyyar vergi yoxlaması keçirilmiş, nəticədə 2005-ci ildə 165,7 milyon AZN, bu ilin birinci rübündə isə 33 milyon AZN əlavə vergi yığılmışdır.
Fazil Məmmədov bildirmişdir ki, ötən il əməliyyatların nağd pulla aparıldığı ticarət obyektlərində və digər obyektlərdə 19644, cari ilin birinci rübündə isə 7280 yoxlama aparılmışdır. 2005-ci ildə yoxlamalar nəticəsində 700 min AZN, ötən üç ay ərzində 400 min AZN məbləğində cərimə kəsilmişdir.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2005-ci ildə 281, ötən rüb isə 92 cinayət işi açmışdır. 2005-ci ildə cinayət işləri ilə bağlı dövlətə dəyən ziyan 6,7 milyon AZN məbləğində ödənmişdir.
Nazirin sözlərinə görə, vergi problemlərinə dair beynəlxalq səviyyədə aparılan danışıqların mühüm istiqamətlərindən biri gəlirə və əmlaka ikiqat vergi qoyulmasının aradan qaldırılması və vergilərdən yayınma hallarının qarşısının alınmasıdır.
Cari il yanvarın 1-dən bir sıra ölkələrlə, o cümlədən Almaniya, Polşa, Fransa və Çinlə sazişlər həyata keçirilir. Finlandiya, Latviya və Çexiya ilə də sənədlər imzalanmışdır.
Sonra nazir jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir.