Vətən müharibəsinin daha bir qəhrəmanını yaxından tanıyaq - əsgər Famil Əlizadə
Masallı, 2 fevral, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igid əsgərlərimizdən biri də Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açmış Famil Əlizadədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Famil Əlizadə 1999-cu il mayın 3-də anadan olub. 2016-cı ildə qəsəbədəki 3 nömrəli tam orta məktəbi bitirən Famil təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib, montyor peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin yanvarında ordudan tərxis olunub.
Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılan və qəhrəmanlıqla vuruşan Famil Əlizadə Füzulinin, o cümlədən Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. O, oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlib.
Şəhid əsgər subay idi. Ailədə bir bacı, iki qardaş olublar. Valideynləri onlara uşaq yaşlarından vətənpərvərlik ruhunu aşılayıblar. Babası Əli Rəhimov İkinci Dünya müharibəsinin veteranı olub. Qardaşı İxtiyar isə Əfqanıstan müharibəsi veteranıdır.
Şəhidin atası Habil Rəhimov deyir ki, Famil mehriban, sədaqətli, zəhmətkeş oğul idi: “Əsgərlikdən sonra Bakıda işləməyə başladı. Son danışığımız oktyabrın 20-də, mənim ad günümdə oldu. Səhər saatlarında zəng etmişdi ki, məni təbrik etsin. Anası və qardaşı ilə də danışdı. Qardaşına deyibmiş ki, hansı oğul atasının ad günündə torpaqlarımızı işğaldan azad edər..?”.
Şükufə ana Familin ona dediyi son sözləri ürəkağrısı ilə xatırlayır: “Hər dəfə istər evdə, ya hərbi xidmətdə olarkən onu əzizləyəndə deyərdi ki, ay ana, mən böyümüşəm axı. Amma, axırıncı danışığımızda bunun tam əksini dedi. Elə bil ürəyinə damıbmış...”.
İgid döyüşçü oktyabrın 22-də Ərkivan qəsəbəsinin Bağlaküçə qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əlizadə Famil Habil oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.