Vətəni qorumaq hər birimizin amalı olmalıdır
Bakı, 27 fevral (AZƏRTAC). AMEA-nın Folklor İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndidə yerləşən 366-cı motoatıcı diviziyanın köməyi ilə Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər ağır toplardan atəşə tutulmuş, həmin gecə bəşər tarixində misli olmayan qətliam törədilmişdir. Soyqırımı nəticəsində 613 nəfər soydaşımız qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Bu faktlar Xocalı faciəsinin nə qədər dəhşətli bir hadisə olduğunu sübut edir.
Bildirilmişdir ki, Xocalı soyqırımını törətməkdə ermənilərin məqsədi bütövlükdə Azərbaycanı sarsıtmaq, torpaqlarımızı işğal etmək idi. Bu mənada Xocalı faciəsi həmin dəhşətli ssenarinin tərkib hissəsi olmuşdur. Vurğulamışdır ki, faciənin mahiyyətindən çıxış edərək, bizə qarşı təcavüzkar siyasətlə bağlı haqlı mövqeyimizi dünyaya ardıcıl olaraq çatdırmalıyıq.
Filologiya üzrə fəlsəfə doktoru Xəliyəddin Xəlilli bildirmişdir ki, Vətəni qorumaq hər birimizin amalı olmalıdır, hər valideyn övladını bu ruhda tərbiyə etməlidir.
Tanınmış ozan, filologiya üzrə fəlsəfə doktoru Fəxrədin Salim də faciə ilə bağlı fikirlərini bildirmiş, sazda tədbirin ruhuna uyğun el havaları ifa etmişdir.