VI ƏNƏNƏVİ BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” BAKI KİNOFESTİVALINA
Sürətlə qloballaşan dünyada mədəni inteqrasiya proseslərinin geniş vüsət aldığı bir dövrdə “Şərq-Qərb” kinofestivalının keçirilməsi təqdirəlayiq hadisədir. Artıq gözəl bir ənənə şəklini alan bu festival ölkələrimiz, xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin möhkəmlənməsinə, kinematoqrafiya ənənələrinin qorunması işinə xidmət edir.
Kinofestivalın Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil olunması, bu qədim şəhərin Şərqlə Qərb dünyasının qovuşuğunda yerləşməsi onun xalqlar arasında həqiqi mənəvi körpü rolunu təcəssüm etdirir. Ümidvar olduğumu bildirirəm ki, belə tədbirlərin keçirilməsi mədəniyyətlərin konstruktiv və faydalı dialoqu prosesinə öz töhfəsini verməklə yanaşı, milli kinematoqrafiyamızın bundan sonrakı inkişafına da müsbət təsir göstərəcəkdir.
Hörmətli kinofestival iştirakçıları! Ölkəmizin mədəni həyatında əlamətdar hadisə olan bu böyük kino bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları diləyirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 15 may 2004-cü il.