Videokonfransda mədəniyyət müəssisələrində işin yeni dövrə uyğun qurulması müzakirə edilib
Bakı, 30 aprel, AZƏRTAC
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar mədəniyyət idarələrin tabeliyində olan müəssisələrin fəaliyyəti əsasən virtual şəkildə təşkil edilir.
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisələrin rəhbərləri və baş məsləhətçilərinin iştirakı ilə videokonfrans keçirilib.
Konfransda idarənin rəisi Elman Məmmədov indiki şəraitdə əhaliyə göstərilən mədəni xidmətin müasir tələblərə uyğun olaraq qurulmasından və bu sahədə qarşıda duran vəzifələrdən danışıb.
Sosial izolyasiya qaydalarının tətbiq olunduğu xüsusi karantin müddətində musiqi məktəblərində distant təhsilin keyfiyyətinin artırılması, asudə vaxtın səmərəli təşkil olunması məqsədilə virtual konsertlərin davam etdirilməsi, elektron kitabxanaların təşkil olunması və kitabxanalarda virtual müsabiqələrin keçirilməsinin zəruriliyindən bəhs olunub. Diqqətə çatdırılıb ki, ayrı-ayrı fəaliyyət sahələri ilə əlaqədar yeni videoçarxlar hazırlanıb təqdim edilməlidir.
Videokonfransda eyni zamanda yaşı 65 və daha yuxarı olan mədəniyyət işçilərinə göstərilən qayğının artırılması və davamlı xarakter almasının vacibliyi qeyd olunub.