“Vikipediya” könüllüləri Azərbaycan haqqında özbək dilində məqalələr yaradırlar
Bakı, 7 may, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” könüllüləri “Vikipediya”nın özbək dilli bölməsində Azərbaycanın tarixi, mədəniyyəti, şəxsiyyətləri haqqında məqalələr yaradırlar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk məlumat verib.
O bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzində “Vikipediya” könüllülərindən ibarət komanda formalaşıb. Onlar ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyəti, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Qarakənd faciəsi, Xocalı soyqırımı, Zəngəzur, Qız qalası haqqında özbək dili bölməsində məqalələr yaradıblar.
“Vikipediya" könüllüləri Azərbaycana dair məqalələr yaratmaqla yanaşı, bölmədə olan məqalələrin redaktəsi ilə də məşğul olurlar. Məqalələrdə olan boşluqları aşkar edir, onları əsaslı mənbə və məlumatlarla zənginləşdirirlər.
“Mərkəzin könüllülərinə Mərkəzi Elmi Kitabxananın mütəxəssisləri tərəfindən “Vikipediya” təlimləri keçirilir. İki qurumun könüllüləri arasında təcrübə mübadiləsi aparılır və bu istiqamətdə əməkdaşlıq qurulub. Bu işdə fəallıq göstərdikləri üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova, mərkəzin könüllüsü Yusif Məmmədova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Kərimulla Məmmədzadəyə və Nəzrin Atabəyliyə təşəkkür edirəm”, - deyə Elnur Eltürk qeyd edib.