“Vikipediya”nın italyan dili bölməsində Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradılıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamentinin nəzdində fəaliyyətə başlayan “Vikipediya” qrupu tərəfindən Azərbaycanın ilk qadın kinorejissoru, ssenaristi Qəmər Salamzadə və Qafqazda, həmçinin bütün Cənubi Avropada, Yaxın Şərqdə ilk qadın təyyarəçi Leyla Məmmədbəyova haqqında məqalə yaradılıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın italyan dili bölməsində yaradılan məqalələrdə müxtəlif sahələrdə ilklərə imza atmış hər iki xanımın həyatı və fəaliyyəti haqqında maraqlı məlumatlar verilib.
Qeyd edək ki, “Vikipediya” qrupu ilə Mərkəzi Elmi Kitabxananın “Vikipediya” könüllüləri arasında əməkdaşlıq mövcuddur.