“Visa International” bu il Rəqəmsal Ticarət Qovşağının 3-cü konfransında iştirak edəcək
Bakı, 18 aprel, AZƏRTAC
"Visa International" şirkəti cari ildə Azərbaycanda keçiriləcək Rəqəmsal Ticarət Qovşağının üçüncü konfransında iştirak edəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qurumun icraçı direktoru Vüsal Qasımlı şirkətin MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə rəhbəri Vira Platonova, MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə hökümətarası əlaqələr üzrə rəhbəri Yuliya Zaavalishyna və "Visa International" şirkətinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Nurlan Hacıyevlə görüşüb.
V.Qasımlı bu il yanvarın 22-də Prezident İlham Əliyevin Davosda "Visa" şirkətinin prezidenti Rayan Maklnerni ilə görüşdüyünü xatırladıb. Görüşdə R.Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulamışdı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında "Visa" şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi. Bu qurumlardan biri də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.
Görüşdə "Visa International"ın təmassız ödəniş sistemləri, transsərhəd müqavilələrdə elektron ödənişlərin "Visa Wallet", "Visa e-identity" və "Visa Checkout" kimi müasir texnologiyalardan istifadə kimi məsələlər haqqında müzakirələr aparılıb. Həmçinin "Azerxport.az" portalının və Rəqəmsal Ticarət Qovşağının menecerləri də "Visa International" şirkəti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalanan anlaşma memorandumunda nəzərdə tutulan işlərin cari vəziyyəti barədə məlumat verib, memorandumdan irəli gələn məsələlərin icrası istiqamətində növbəti hədəflər təyin olunub.
"Visa International" tərəfindən təqdim olunan "SRC - Secure Remote Commerce" tətbiqinin imkanlarından istifadə etməklə Azərbaycanda elektron ticarət və biometrik parametrlər üzrə ödəniş tapşırıqlarının təsdiqlənməsi kimi sahələrdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.