Viskonsin ştatında iğtişaşlar zamanı baş verən atışmada bir nəfər həlak olub
Bakı, 26 avqust, AZƏRTAC
ABŞ-ın Viskonsin ştatında yerləşən Kenoşa şəhərində iğtişaşlar zamanı baş verən atışma nəticəsində bir nəfər həlak olub.
AZƏRTAC “New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Artıq üçüncü gündür ki, davam edən iğtişaşlar zamanı daha iki nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Şəhərdə tətbiq olunan komendant saatına baxmayaraq, Afrika əsilli amerikalı Ceykob Bleykomun polis tərəfindən yaralanmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar səngimək bilmir. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bundan sonra bəzi aksiya iştirakçıları yanacaqdoldurma məntəqəsinə doğru irəliləyib. Burada əmlaklarını qorumağa çalışan bir neçə şəxs etirazçılara atəş açıb.
Qeyd edək ki, avqustun 23-də Kenoşa polisi mübahisə edən qadınları sakitləşdirməyə çalışan qaradərili Ceykob Bleykə qarşı elektroşokerdən istifadə edib, sonra isə ona arxadan atəş açıb. Hazırda yaralanan şəxsin vəziyyəti ağırdır. Viskonsin ştatının Baş prokurorluğu insidentlə bağlı təhqiqata başlayıb.
Bundan sonra Kenoşada iğtişaşlar, yanğınlar və dağıntılarla müşayiət olunan kütləvi etiraz aksiyaları başlayıb. Şəhərdə komendant saatı tətbiq edilib.