DÜNYA
Vitali Vulf Moskvada vəfat etmişdir
Bakı, 14 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Vitali Vulf ömrünün 81-ci ilində Moskvada vəfat etmişdir.
Vitali Vulf çoxmilliyonlu tamaşaçılar auditoriyasında uzun illər əvvəlcə Rusiyanın Birinci kanalının, sonra isə “Rossiya” telekanalının efirində yayımlanan “Serebryanıy şar” (“Gümüş şar”) verilişinin aparıcısı kimi tanınmışdır. Alim-sənətşünas müəllif verilişində tanınmış mədəniyyət xadimləri barədə söhbət açırdı.
Vitali Vulf 1930-cu il mayın 23-də Bakıda anadan olmuşdur. Moskva Dövlət Universitetinin (MDU) hüquq fakültəsində təhsil almış, sonra Elmlər Akademiyasında işləmiş, teatrın problemləri və gənclər tərəfindən qavranması üzrə tədqiqatlar aparmışdır. 1989-cu ildə “70-ci illərin Amerika teatrı və ictimai-siyasi reallıq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Vitali Vulf Vladislav Listyevin dəvəti ilə 1990-cı ildən televiziyada işləməyə başlamışdır. 2007-ci ildə “Mədəniyyət” radiosunun baş redaktoru olmuşdur.
Tanınmış teleaparıcı bu il fevral ayının ortalarında yerləşdirildiyi Moskvadakı Botkin xəstəxanasında dünyasını dəyişmişdir.