VLADİMİR PUTİNİN MÜMKÜN VARİSLƏRİ RUSİYALILARI QANE ETMİR
Sorğu iştirakçılarına müdafiə naziri Sergey İvanovun və öncül milli layihələrin həyata keçirilməsinə kuratorluq edən hökumət sədrinin birinci müavini Dmitri Medvedevin namizədliyi barədə fikirlərini bildirmək təklif olunmuşdur. Onların 19 faizi İvanovu, 16 faizi Medvedevi dövlət başçısı kimi görmək istədiklərini bildirmişlər. Bu zaman sonuncunun reytinqi ötən ilin noyabrında hökumət sədrinin birinci müavini təyin olunduğu vaxtdan bəri, əslində, sıfır səviyyədən nəzərəçarpacaq dərəcədə artmışdır.
Lakin İvanova və Medvedevə inamsızlıq dərəcəsi onların dəstəklənməsi səviyyəsindən qat-qat yüksəkdir. Rəyi soruşulmuş şəxslərin 44 faizi onlardan heç birini prezident vəzifəsində görmək istəmir. Daha 21 faiz bir qənaətə gəlməmişdir.
Respondentlərin 49 faizinin fikrincə, varis indiki Prezidentin siyasətini davam etdirməlidir. 33 faiz siyasətin dəyişdirilməsinə tərəfdardır. Rusiyalıların 73 faizinin qənaətincə, gələcək prezident iqtisadiyyatı qaldırmalı, 62 faizinin rəyincə isə, sosial ədaləti bərpa etməlidir.
İştirakçıların 13 faizini demokratiyanı möhkəmlətmək və vətəndaş azadlıqlarını qorumaq, 7 faizini şəxsi mülkiyyətin toxunulmazlığını təmin etmək maraqlandırır.
Sosioloji sorğu aprelin 20-25-də Rusiyanın 46 regionunda keçirilmişdir.