SİYASƏT
VLADİMİR TRAVKİN: FƏXR EDİRƏM Kİ, İLHAM ƏLİYEV MƏNİM DOĞMA İNSTİTUTUMDA TƏHSİL ALMIŞ VƏ DƏRS DEMİŞDİR
Bakı, 4 mart (AZƏRTAC). “Bu yaxınlarda Azərbaycana növbəti səfərim zamanı həmkarlarım - jurnalistlər və yazıçılarla çoxlu söhbətlərim olmuşdur. Lakin ən parlaq təəssüratım Prezident İlham Əliyev ilə görüşdən yaranmışdır. Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ilə birlikdə Azərbaycan Prezidentinin qəbulunda olduq. Onun ən mürəkkəb, bütün dünyanı düşündürən qlobal məsələlərə, ilk növbədə, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinə bu cür işgüzarcasına, təmkinlə və eyni zamanda, qətiyyətlə, ölçülüb-biçilmiş, müdrik, prinsipial və realist yanaşması məni heyran etdi. Yeri gəlmişkən, deyim ki, digər rəsmi və qeyri-rəsmi görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar söhbətlərimiz zamanı azərbaycanlı dostlarımız daha emosional çıxışlar edirdilər. Həqiqətən, pyesin uğuru rejissorun rolları düzgün bölüşdürməsindən çox asılıdır”. Bunu Moskvada çıxan nüfuzlu “Latın Amerikası” jurnalının baş redaktoru Vladimir Travkin AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirmişdir.
Baş redaktor demişdir: “Bilirəm ki, İlham Heydər oğlu öz dahi atasının siyasi xəttini uğurla davam etdirir, ölkəsinin, xalqının milli maraqlarını qətiyyətlə və bacarıqla müdafiə edir, Türkiyə, Rusiya, ABŞ və İranla, digər dövlətlərlə tarazlaşdırılmış siyasət yeridir. Fəxr edirəm ki, İlham Əliyev mənim doğma institutumda - MDBMİ-də təhsil almış və dərs demişdir”.
Vladimir Travkinin bioqrafiyasında Azərbaycanla bağlı məqamlar vardır. Atası 1939-cu ildə Kiyev Universitetinin birinci kursundan sərhəd qoşunlarında xidmətə çağırılmış və keçmiş Sovet-Türkiyə sərhədində, Naxçıvanda qulluq etmişdir. V.Travkin deyir ki, atasının Azərbaycan, Naxçıvan haqqında xatirələrini hələ uşaq yaşlarından çox eşitmişdir. Ömrünün son illərində atası, polkovnik Y.Travkin MDU-da türk dilini tədris etmişdir. Sonralar Vladimir Yevgeniyeviç MDBMİ-ni bitirərək Latın Amerikasında, Meksikada jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdur.
“Latın Amerikası” jurnalının baş redaktoru daha sonra demişdir: “Ötən əsrin 70-ci illərində “Novosti” Mətbuat Agentliyinin Mexiko bürosunda çalışırdım. Vətənə qayıdandan sonra meksikalı həmkarlarımla əlaqələrimi davam etdirirdim. 1980-ci illərdə o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sovet nümayəndə heyətinin rəhbəri kimi Meksikada olmuşdur. Həmin səfərdən sonra Latın Amerikasının bu ikinci böyük ölkəsinin aparıcı KİV-lərinin nümayəndələri ilə ünsiyyətdə oldum. Onların hamısı bu səfər, xüsusilə, nümayəndə heyətinin rəhbəri Heydər Əliyev barədə heyranlıqla danışırdılar. Həmkarlarım Heydər Əliyevin danışıqlar aparmaq bacarığı, zəngin daxili aləmi, cəlbedici xarici görünüşü, xarizmatik şəxsiyyəti barədə ağız dolusu söhbət açırdılar. Heydər Əliyev o zamankı partiya rəhbərliyindən müasirliyi, dünyagörüşü, düşüncə tərzi ilə fərqlənirdi”.
V.Travkin bildirmişdir ki, son 5 ildə Bakıda iki dəfə olmuşdur. İlk dəfə şəhərimizə Azərbaycanda İTAR-TASS günləri, bu yaxınlarda isə Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu çərçivəsində gəlmişdir. O demişdir: “Şərq ilə Qərbin ənənələrini birləşdirən bu şəhər köhnə və yeni memarlıq nümunələri ilə gözəldir. İnsanlarınızın xoşniyyətli, gülərüz olması bu şəhərin simasını daha da nurlandırır. Bakının küçələrində mükəmməl rus dilində danışıq eşitmək çox xoş olur.
Bir şeyi də qeyd edim. Dünya iqtisadi böhranının ölkənizdən yan keçməsi, ilk növbədə Prezidentinizin düzgün siyasət aparmasının nəticəsidir. Digər MDB ölkələri, dünyanın müxtəlif regionları ilə müqayisədə bu, çox nəzərə çarpır.
Azərbaycanın bir çox tanınmış simaları, o cümlədən məşhur yazıçılar Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, istedadlı rejissor Murad İbrahimbəyov ilə şəxsi tanışlığım vardır. Böyük müğənni Rəşid Behbudovun pərəstişkarıyam. Daha bir bakılı, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini, “Hakimiyyət formulu” verilişinin müəllifi Mixail Qusmanla isə çoxdan tanışam. Çili, Peru, Panama, Nikaraqua və Qvatemala prezidentləri barədə veriliş hazırlayarkən mən də onun komandasına daxil idim. Sakit və Atlantik okeanlarının sahillərində, And dağlarının ətəklərində dostum Mixaillə Bakı barədə tez-tez danışardıq.
Bakıya hər gəlişimdə daha bir məqam xatirimdə qalır - bol süfrə. Hər yerdə bizi zəngin süfrə, ləziz təamlarla qarşılayırlar. Məni millətlərarası nifaq salmaqda təqsirləndirməyin, ancaq deməliyəm ki, ən yaxşı dolmanı Gürcüstanda və Ermənistanda deyil, Azərbaycanda bişirirlər.
Əməkdaşlığımızın kökləri dərin, perspektivləri genişdir. Biz qloballaşmış dünyada birlikdə yaşayacağıq. Odur ki, hər görüşümüz irəliyə, gələcəyə bir addımdır”.