DÜNYA
“Volkswagen”in Osnabrük şəhərindəki zavodu bağlana bilər
Bakı, 2 oktyabr, AZƏRTAC
Almaniyanın Aşağı Saksoniya federal əyalətinin Osnabrük şəhərindəki “Volkswagen” zavodu bundan sonra “Porsche”dən elektrik avtomobil modeli üçün istehsal sifarişi almayacaq.
AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, “Volkswagen” bu məlumatı təsdiqləyib. Plana əsasən, 2026-cı ildən etibarən Osnabrük “Porsche”nin elektrik modelini istehsal etməli idi.
“Porsche” hazırda 2300 işçisi olan bu zavod üçün ən mühüm müştəridir. “Cayman” və “Boxster” avtomobillərinin daxiliyanma mühərrikləri 2022-ci ilin aprel ayından orada istehsal olunurdu. İndi isə “Volkswagen” şirkətinin ikinci ən kiçik zavodunun gələcəyi qeyri-müəyyən olaraq qalacaq.
Qeyd edək ki, “Volkswagen” hazırda yüksək xərclər və sifariş azlığı ilə üzləşib. Şirkət bu səbəbdən iş yerlərinin ixtisar olunacağını və zavodun bağlanacağını istisna etmir.