VYANADA NAZİRLƏR KONFRANSI KEÇİRİLMİŞDİR
60-dan çox ölkənin daxili işlər və ədliyyə nazirlərinin iştirakı ilə keçirilən konfransda ölkəmizi daxili işlər nazirinin müavini general-Ieytenant Oruc Zalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Konfransın keçirilməsindən əsas məqsəd terrorizmə, mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya və korrupsiyaya qarşı mübarizədə Avropa İttifaqı ilə qonşu ölkələr, o cümlədən Aİ-nin Yeni qonşuluq siyasətinə qoşulmuş dövlətlər arasında əməkdaşlığı gücləndirmək, habelə görülmüş işləri qiymətləndirmək və yeni strateji istiqamətləri müzakirə etmək olmuşdur.
O.Zalov gündəliyin iki bəndinə - terrorizmə qarşı mübarizə və qeyri-qanuni miqrasiya mövzularına dair çıxış etmiş, Azərbaycanda bu istiqamətlərdə görülmüş işlər, o cümlədən müvafiq hüquqi bazanın yaradılması, hüquq mühafizə tədbirləri və mövcud problemlər haqqında danışmışdır. Azərbaycan nümayəndəsinin çıxışı böyük maraqla qarşılanmışdır.
Konfransdakı çıxışlarda terrorizm və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə sərhədlərin mühafizəsinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.
Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində Türkiyə, Rusiya, Bolqarıstan, Moldova və Gürcüstanın daxili işlər nazirləri ilə görüşmüşdür. Görüşlərdə, əsasən, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov görüşlərdə iştirak etmişdir.