Vyanada OPEK və qeyri-OPEK ölkələrinin toplantısı keçirilib
Vyana, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) və qeyri-OPEK ölkələrinin texniki konfransı keçirilib.
Ekspertlərin iştirakı ilə keçirilən və qeyri-ənənəvi xarakter daşıyan tədbirin əsas mövzusu dünya bazarlarında xam neftin qiymətlərinin düşməsi və buna qarşı birgə çıxış yollarının axtarılması olub.
OPEK-in dəvəti ilə təşkilatın Vyanadakı mənzil-qərargahında baş tutan konfransda Rusiya, Meksika, Qazaxıstan, Braziliya və Kolumbiya kimi qeyri-OPEK ölkələri təmsil olunub. Azərbaycan, Norveç və Oman isə konfransda iştirak etməyib.
Venesuela, Əlcəzair və Ekvador nümayəndələri konfransdan öncə neft hasilatını azaltmaqla dünya bazarlarında xammala tələbatı və qiymətləri yüksəltmək təklifini irəli sürüblər. Venesuelanın neft və dağ-mədən sənayesi naziri Eulohio del Pino keçirdiyi mətbuat konfransında OPEK ölkələrini 1980-ci illərin qiymət siyasətinə geri dönməyə, yəni dünya bazarında xam neftin barrelini sabit qiymətə təklif etməyə çağırıb. O, 1 barrel xam neft üçün 88 ABŞ dollarının ideal qiymət olduğunu qeyd edib.
Cənubi Amerika qitəsini təşkilatda təmsil edən ölkələr bu il dekabrın 4-də keçiriləcək illik konfransdan öncə daha bir toplantı keçirilməsi və illik konfrans üçün birgə təkliflər hazırlanması məsələsini qaldırıblar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana