QAN YADDAŞI
Vyanada “Time” qalereyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Vyana, 26 fevral, AZƏRTAC
Vyanada fəaliyyət göstərən “Time” qalereyasında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar fotosərgi açılıb.
“Xocalıya ədalət!” kampaniyasının təqdim etdiyi fotolar əsasında tərtib olunmuş sərginin açılışında yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.
Tədbiri “Vyana Mədəniyyət Dərnəyi” təşkilatının rəhbəri, “Yaşıllar” partiyasından Vyananın birinci rayonu üzrə nümayəndəsi və “Time” qalereyasının sahibi Qünter Vaxtl giriş sözü ilə açaraq, Xocalı soyqırımı haqqında məlumat verib. O bildirib ki, müasir dünyamızda insanlığa qarşı törədilmiş cinayətlərin üzərindən sükutla keçilir. Cinayətlərin unudulması və unutdurulması yeni bəşəri cinayət və soyqırımların baş verməsinə rəvac verir. Vətəndaş cəmiyyəti, siyasi dairələr, beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə yanaşı, incəsənət dünyası da Xocalı kimi cinayətlərə biganə qalmamalı, hadisələrin gerçək üzünü incəsənətin dili ilə ifadə etməlidir.
Sərgi salonunda qurulmuş ekranlarda Xocalı soyqırımı, bu hadisəyə aparan tarixi inkişaf və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə həsr olunmuş sənədli film və videoçarxlar nümayiş etdirilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana