ELM VƏ TƏHSİL
“WorldSkills” beynəlxalq bacarıq yarışlarının açılış mərasimi olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Koreyanın Qoyanq şəhərində “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarının açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Mərasimə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən, direktor müavini və “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi Ceyhun Kərəmovun rəhbərlik etdiyi heyət də qatılıb. Ümumilikdə 35 üzv ölkənin 133 iştirakçı ilə təmsil olunduğu paraddan nümayəndə heyətimiz 4-cü keçib.
Açılış mərasimində kibertəhlükəsizlik istiqaməti üzrə “WorldSkills Azerbaijan” komandasının eksperti Alıxəyyam Quluzadə platforma adından “WorldSkills” qaydalarına riayət ediləcəyinə dair and içib.
Oktyabrın 16-dək davam edəcək beynəlxalq müsabiqədə komandamızın üzvləri, o cümlədən Fəqan Rəsulov, Sənan Nəcəfov və Vüsalə Ələkbərova veb-texnologiyalar və kibertəhlükəsizlik istiqamətləri üzrə yarışacaqlar.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.