Xaçmaz sakinlərinin 80 faizi kütləvi tibbi müayinəyə cəlb edilib
Xaçmaz, 30 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Xaçmaz rayonunda fevralın 12-dən indiyədək 108 min nəfərdən çox sakin müayinə olunub. Bu, rayonda tibbi müayinələrə cəlb olunması nəzərdə tutulan əhalinin 81 faizini təşkil edir.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Lətif Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib. Müayinə olunanlardan 633-ü stasionar müalicəyə cəlb olunub. 257 nəfər isə Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib. Ambulator müalicəyə cəlb olunanların sayı isə 26 min 155 nəfərdir.
Lətif Abbasov bildirib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib.
Baş həkimin müavini qeyd edib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Bununla yanaşı, kəndlərdə yaşayan sakinləri müayinə etmək üçün altı səyyar həkim briqadası da yaradılıb. Rayondakı 151 yaşayış məntəqəsindən 149-da müayinələr başa çatıb.
Xaçmazda keçirilən müayinələr zamanı daha çox qan-damar və kəskin respirator xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilib.
Mayın 12-dək davam edəcək tibbi müayinələrə rayonun 134 min nəfərə yaxın sakininin cəlb olunması nəzərdə tutulur.