REGİONLAR
Xaçmazda əsaslı təmir olunan məktəb binasında 2 minə yaxın şagird təhsil alacaq
Xaçmaz, 6 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təmir-bərpa işləri yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda məktəbin həyətinə asfalt döşənir, ağaclar əkilir, dekorativ yaşıllıqlar salınır.
1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binasında təmir işlərinə ötən ilin iyul ayından başlanılıb. 1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yaramırdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.
Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.
Məktəbin həyətində Qarabağ döyüşlərində şəhid olan məzunların xatirə lövhəsi yaradılıb, iki idman meydançası tikilib.
Əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün şərait yaradılacaq.
Son üç ildə şimal bölgəsinin altı rayonunda 40-a yaxın yeni məktəb binası tikilib.