REGİONLAR
Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanılıb VİDEO
Xaçmaz, 25 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Xudat şəhəri ərazisində yerləşən iki fərdi yaşayış evindən ümumi dəyəri iki min manatdan çox olan ev və məişət avadanlıqları oğurlamaqda şübhəli bilinən Vasif Mursaibov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Mursaibov evlərdən iki ədəd televizor, bir ədəd xalça, bir ədəd samovar və bir ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinir.
Dindirilmə zamanı həmin şəxs evlərə gecə saatlarında daxil olaraq əşya və avadanlıqları oğurladığını etiraf edib. Qənimətləri dəyərindən xeyli ucuz qiymətə - 250 manata satan V.Mursaibov, əldə etdiyi pulları xərclədiyini bildirib.
Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.