XALQ ARTİSTİ CANƏLİ ƏKBƏROVUN “QIZIL FOND”A... YENİ TÖHFƏLƏRİ
Universitetdən AZƏRTAC-ın müxbirinə demişlər ki, klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub saxlayaraq onlara yaradıcı münasibət bəsləyən Canəli Əkbərov radionun “Qızıl fond”u üçün bir sıra muğam və xalq mahnılarını yenidən lentə yazdırmışdır. Fond üçün ilk dəfə ifa etdiyi “Humayun” və “Bayatı Qacar” muğamları, o cümlədən az ifa olunan “Rast” təsnifi, “O sürməli gözlərin”, “Bir yaşılbaş sona”, “Ləbuləb”, “Ay qaşı, gözü qara qız” xalq mahnıları və görkəmli bəstəkar Səid Rüstəmovun “Gəlmədin” mahnısı 64 yaşlı muğam sərrafının yüksək diapazonlu ecazkar səsini, mətn ilə musiqinin sıx əlaqəsi zəminində güclü emosional çalar yaratmaq bacarığını bir daha dinləyicilərin gözü qarşısında canlandırmışdır.
Qeyd olunmuşdur ki, muğam professoru hazırda universitetin qarşıdan gələn 80 illik yubileyinə həsr edilmiş “Muğam fəlsəfəsi” adlı respublika elmi-praktik konfransına hazırlaşır. Eyni zamanda Canəli Əkbərov İran İslam Respublikasının dəvəti ilə payızda bu ölkədə onun iştirakı ilə veriləcək solo konsertin və ustad dərslərinin proqramı üzərində də ciddi yaradıcılıq işləri aparır.