XALQ ARTİSTİ TAMİLLA XANIM ŞİRƏLİYEVAYA
Sizi - Azərbaycan baletinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz ölkəmizdə balet məktəbinin inkişafına sanballı töhfələr vermiş sənətkarlardansınız. Azərbaycan səhnəsində yaratdığınız rəngarəng obrazlar parlaq ifa tərzi və peşəkarlıq səviyyəsi ilə səciyyələnən əsil sənət inciləridir. Zəngin yaradıcılıq imkanlarınız Sizə klassik repertuarın ən mürəkkəb surətlərini ustalıqla canlandırmaq imkanı vermişdir. Siz dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətini layiqincə təmsil etmisiniz.
Sələflərinizin ənənələrini davam etdirərək, müasir balet sənəti texnikası ilə milli rəqs yaradıcılığı nailiyyətlərinin dolğun vəhdətini yaratmış quruluşçu xoreoqraf kimi təqdirəlayiq fəaliyyət göstərmisiniz. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında mühüm yer tutan və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan bir çox əsərin səhnə uğuru məhz Sizin verdiyiniz quruluşla bağlıdır.
Uzun illərdən bəri Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf edirsiniz. Yetişməkdə olan gənc nəslə sənətin sirlərinin öyrədilməsi sahəsində xidmətləriniz yüksək qiymətə layiqdir.
Ümidvaram ki, Siz bundan sonra da Azərbaycan baletinin inkişafı naminə yorulmadan çalışaraq, bu yolda öz bilik və bacarığınızı əsirgəməyəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2006-cı il.