XALQ RƏSSAMI TAHİR SALAHOVA
Sizi – rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan təsviri sənətinin XX əsrdə çiçəklənməsi Sizin adınızla sıx bağlıdır. Mövzu və janr müxtəlifliyi, bədii forma əlvanlığı ilə yanaşı, estetik kamilliyi ilə səciyyələnən səmərəli yaradıcılığınız milli mədəniyyətimizin inkişafında xüsusi bir mərhələ təşkil edir. Yaradıcı əməyin romantikasını, bəşər övladının qurub yaratmaq əzmini, insanın daxili aləmini bütün əlvanlığı və zənginliyi ilə tərənnüm edən silsilə tablolarınız sənətsevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmışdır.
Rəngarəngliyi və orijinallığı ilə yadda qalan mənzərə və natürmortlarınız doğma Azərbaycan diyarına dərin övlad məhəbbətindən yaranmışdır. Vətən təbiətinin gözəlliklərini mahir sənətkar fırçası ilə canlandıran həmin lövhələr insana xoş ovqat bəxş edir, onu bu gözəllikləri sevməyə və qorumağa çağırır.
Teatr-dekorasiya sənəti sahəsində xidmətləriniz də təqdirəlayiqdir. Məharətli teatr rəssamı kimi Sizin səhnə əsərlərinə verdiyiniz tərtibatlar öz novatorluğu ilə seçilir.
Dünyanın bir sıra ölkələrində təşkil olunmuş incəsənət sərgilərində nümayiş etdirilən, eləcə də muzeylərdə qorunub saxlanılan əsərləriniz Sizi Azərbaycanın hüdudlarından kənarda böyük sənətkar kimi tanıtmaqla yanaşı, çoxəsrlik ənənələrə malik milli təsviri sənətimizin də şöhrətini artırmışdır. İnanıram ki, Sizin özünəməxsusluğu ilə seçilən yaradıcılığınızın timsalında Azərbaycan təsviri sənəti bundan sonra da dünya mədəniyyətində layiqincə təmsil olunacaqdır.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 28 noyabr 2003-cü il.