Xalq şairi Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib
Bakı, 27 may, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın 115 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rəsul Rzanın həyat və ədəbi irsini əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Rəsul Rzanın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, poeziyamıza gətirdiyi yeniliklərdən danışıb, şairin şəxsiyyəti və yaradıcılığı barədə maraqlı məqamlara toxunub.
Muzeyin elmi işçisi Ülviyyə Yusifova şairin ədəbi mühiti və sənət dostluqları barədə geniş məruzə ilə çıxış edib. O, şairin ədəbi əlaqələrinin yalnız yaradıcılıqla deyil, həm də mənəvi dostluqlarla zəngin olduğunu vurğulayıb. “Rəsul Rza ilə Abdulla Faruq arasında yaxın münasibət var idi. Rəsul Rzanı Abdulla Faruq ədəbiyyata təşviq edib, onun istedadına inam göstərib. Onların bu dostluğu uzun illər davam edib. Hər iki sənətkarı birləşdirən ortaq dəyərlər olub. Azərbaycan ədəbiyyatında novator şair kimi şöhrət qazanmış, sərbəst şeirin böyük ustadı Rəsul Rza təkcə poeziyada yenilikçi kimi tanınmayıb, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparıb, şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılıb nəşr edilməsinə çalışıb, onlardan ustalıqla bəhrələnib. Onun poeziyasının nur saçan işığı bu gün də yolumuzu aydınlatmağa davam edir”,- deyə Ü.Yusifova əlavə edib.
Tədbir bədii hissə ilə davam edib. Məktəblilər Rəsul Rzanın müxtəlif səpkidə şeirlərini səsləndirib, ədibin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.