XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİN 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Tədbirdə xalq artisti Laləzar Mustafayeva, uzun müddət bu tədris ocağına rəhbərlik etmiş qocaman təhsil işçisi Babaxan Muradov, məktəbin direktoru Vaqif Mehdiyev Süleyman Rüstəm haqqında ürək sözlərini söyləmiş, onunla bağlı xatirələrini danışmışlar.
Çıxış edənlər böyük ustadın zəmanəsinin ən incə zövqlü liriklərindən biri olduğunu, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza kimi qələm və məslək dostları ilə birlikdə ədəbiyyatımızın inkişafındakı böyük xidmətlərini diqqətə çarpdırmış, yaradıcılığında mühüm yer tutan Cənub şeirlərinin XX əsr Azərbaycan poeziyasının incilərindən sayıldığını vurğulamışlar. Natiqlər sənət aləminin çox nüfuzlu simalarından biri olmuş S.Rüstəmin, eyni zamanda ictimai-siyasi xadim kimi də tanındığını söyləmiş, Prezident İlham Əliyevin şairin 100 illiyi ilə əlaqədar fevralın 6-da imzaladığı Sərəncamı, aprelin 21-də Heydər Əliyev adına Sarayda keçirilmiş yubiley tədbirini onun yaradıcılığına dövlət qayğısı kimi qiymətləndirmişlər.
Şagirdlər xalq şairinin “Qaçaq Nəbi” mənzum dramından səhnə, “Ana və poçtalyon” şeiri əsasında ədəbi-bədii kompozisiya göstərmiş, sözlərinə bəstələnmiş mahnıları ifa etmişlər.
Sonda S.Rüstəmin qardaşı oğlu Araz Rüstəmov ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.