XALQA, VƏTƏNƏ XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR
“TARİX VƏ ONUN PROBLEMLƏRİ” JURNALININ XÜSUSİ NÖMRƏSİ
Bakı Dövlət Universitetinin “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnalının 2003-cü ildəki ilk nömrəsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yubileyinə həsr olunmuşdur.
Jurnalın bu nömrəsi BDU-nun rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmovun “Heydər Əliyev - Bakı Dövlət Universitetinin himayədarı və qayğıkeşi” sərlövhəli məqaləsi ilə açılır. Müəllifin aşağıdıkı sözlərini bütünlükdə jurnaldakı materiallar ücün epiqraf hesab etmək olar: “XX əsrdə xalqımızın xilaskarı missiyasını Heydər Əliyev öz üzərinə götürdü və Azərbaycan dövlətini qoruyub saxlaya bildi. Onun Azərbaycan xalqına xidmətinin miqyasına nəzər salsaq, böyük bir epopeya yazmaq lazım gələr. Əsrin üçdə biri qədər Azərbaycana rəhbərlik etmiş bir şəxsiyyətin xidmətlərinə əsl qiyməti tarix özü verəcəkdir. Bizim, Heydər Əliyevin müasirlərinin ən böyük vəzifəsi isə bundan ibarətdir ki, onun gördüyü işlərin, xalqın həyatında oynadığı rolun əzəmətini ortaya qoyaq və bu zəngin irsin tarix üçün necə böyük əhəmiyyət daşıdığını gələcək nəslə çatdıra bilək”.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı Sirus Təbrizli, MEA-nın Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, akademik Teymur Bünyadov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, MEA-nın müxbir üzvü Arif Abbasov, BDU-nun kafedra müdiri Ağalar Abbasov, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, BDU-nun kafedra müdiri Rüstəm Məmmədov, Prezidentin İcra Aparatının sektor müdiri Ərəstun Mehdiyev, Azərbaycan Pedaqoji Universitetinin kafedra müdiri Vəli Əliyev, İqtisad Universitetinin professoru Maarifə Hacıyeva, Fəxriyyə Xələfova və digər müəlliflər bu əzəmətli şəxsiyyətin gördüyü nəhəng işlərin müxtəlif cəhətlərinə nəzər salırlar. Həmin materiallarda Prezident Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, müstəqil ölkəmizin xarici siyasətinin, neft strategiyasının formalaşmasında rolu, Azərbaycan qadınına, gəncliyinə, təhsilinə, ədəbiyyatına, tarixinə və mədəniyyətinə qayğısı, müasir dünyaya, o cümlədən türk dünyasına münasibəti ətraflı təhlil edilir.
Bu materiallarda belə bir fikir də xüsusi vurğulanır ki, Prezident Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmlətmək və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün dinc və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli, fəal xarici siyasətinin nəticəsidir ki, respublikamız planetin siyasi xəritəsində özünə layiq yer tutmuş, regionun və beynəlxalq aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanmışdır. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Respublikamızın daxilində gedən demokratik proseslər və iqtisadi dəyişikliklər də əlavə olunmaqla, uğurlu xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı surətdə faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.