REGİONLAR
Xan bağı - Gəncənin yaradıcı şəxslərinin ilham mənbəyi olan tarixi istirahət məkanı VİDEO















Gəncə, 29 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə yalnız tarixi tikililər deyil, həm də elə məkanlar var ki, onlar da abidələr qədər böyük əhəmiyyətə malikdir və hər kəsə bu yerlərin qədim tarixindən xəbər verir. Məhz belə məkanlardan biri də Xan bağıdır.
AZƏRTAC xəbər verir ki, hazırda Gəncədə istər genişliyinə, istərsə də gözəlliyinə görə bir-birindən yaraşıqlı parklar, xiyabanlar, istirahət guşələri olsa da, şəhərin mərkəzindəki Xan bağı gəncəlilər üçün ən sevimli istirahət məkanı olaraq qalmaqdadır.
Şəhərin yerli sakinləri yaxşı bilirlər ki, Xan bağı yalnız adi istirahət parkı deyil, bura həm də şəhərin son 500 illik tarixinə şahidlik edən əvəzsiz məkandır. Bağ Gəncənin mərkəzində yerləşdiyi üçün bol oksigen ehtiyatına görə buranı şəhərin “ağciyəri” də adlandırmaq olar.
Hazırda 3 hektarlıq ərazini əhatə edən Xan bağı ilin bütün fəsillərində gözəldir və istər yaşlı, istərsə də yeniyetmə və gənclərin mədəni istirahəti üçün ən ideal məkandır. Gün ərzində bu bağda insanların çoxluğuna baxmayaraq, daim ümumi sakitlik hökm sürür.
Deyilənlərə görə, Xan bağı Gəncə-Qarabağ bəylərbəyilərinin istirahət və ovlağı olub. Keçmişdə xeyli böyük olan bu yeri gözəlliyinə görə “Ənbər guşə” adlandırıblar. Vaxtilə beş yüzdən artıq ağac və gül növünün olduğu bağda bitkilərin 150 növü vegetativ həyat sürüb.
Tarixi mənbələr bu bağın 1588-ci ilə Osmanlı qoşunlarının Qafqazdakı komandanı Fərhad paşa tərəfindən salındığını yazır. Səfəvi-Osmanlı döyüşlərindən sonra türk qoşunları tərəfindən işğal olunan Gəncəni qorumaq məqsədilə Fərhad paşa Sultan III Muradın əmrinə əsasən şəhərin əvvəlki qalasından 6-7 kilometr aralıda yeni qala tikdirib. Qala divarlarının inşası tamamlandıqdan sonra Fərhad paşa Qara dəniz sahilindən, xüsusilə Batumidən hündürlüyü 3-4 metr olan Xamerops palması, Himalay kedrası, bambuq ağacı, yunan qozu, Suriya qızılgülü, yapon saforası, rozmarin, həmçinin digər müxtəlif növ ağac və gül kolları gətizdirərək bu bağda əkdirib.
Xan bağı bütün dövrlərdə Gəncə xanlarının sevimli istirahət məkanı olaraq qalıb. 1804-cü ildə Gəncə xanlığı rus qoşunları və general Sisiyanov tərəfindən işğal olunan zaman şəhərin yalnız tikililəri deyil, həm də Xan bağı ciddi ziyan görüb. Belə ki, top atəşlərindən sonra bağ və oradakı 400 yaşlı çinar ağaclarının bir qismi od tutaraq yanıb. Rus çarının fərmanına əsasən, Yelizavetpoldakı (indiki Gəncə) bağ 1847-ci ildən Qafqaz sərdarı Knyaz M.S.Vorontsovun şərəfinə adlandırılıb. Fərmandan sonra dövlət bankından ayrılan vəsait hesabına Krımdan buraya 1 milyon 200 min ədəd müxtəlif növ ağac, meyvə, gül və bəzək kolları gətirilərək əkilib. 1856-cı ildə Tiflis hərbi qubernatorunun göstərişinə əsasən Gəncənin baş planı hazırlanarkən yeni layihədə bağın abadlaşdırılması da nəzərdə tutulub. 1860-cı ilədək bağda meyvə ağaclarını da görmək olarmış. 1868-ci ildə Gəncəyə quberniya statusu verildikdən sonra imperatorun əmri ilə onun baş planı hazırlanıb. Beləliklə, bağda inşaat işləri aparılıb və buradakı nadir ağac növləri və bəzək kollarının sayı azaldılıb.
1873-cü ildə III Aleksandr tərəfindən imzalanan, müəllifi memar İ.İ.Krjiştaloviç olan şəhərin yeni baş planına əsasən bağda növbəti dəfə dəyişiklik edilib. Layihəyə əsasən bağa yeni ağac və gül növləri - ağ akasiya, katalon, kipris, Eldar şamı, Sabin şamı, nar, yapon xurması, çəhrayı çiçəkli oleandr, eləcə də digər ağac və gül kolları gətirilib. Həmçinin bağa ilk dəfə olaraq heykəllər qoyulub və ətirli ağaclar əkilib. Lakin 1887-ci ildə şəhərin yeni layihəsi hazırlanarkən bağda ağacların bir hissəsi kəsilib, tikinti işləri aparılıb.
Hazırda Xan bağında 1588-ci ildə inşa edilən Gəncə qala divarlarının qalığı olan Şirəli bəy bürcü və Azərbaycanın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi yerləşir. Parkın girişində fəvvarələr var. Yaşı 300-ü ötmüş cərgə ilə əkilən çinarların arasında isə Azərbaycanın ilk qadın xalq şairi Nigar Rəfibəylinin abidəsi ucaldılıb. Şəhərin mədəni tədbirləri üçün nəzərdə tutulan açıq səma altında yerləşən “Yaşıl Teatr” da Xan bağında yerləşir. Parkın ətrafı isə digər tarixi əhəmiyyətli tikililər və abidələrlə zəngindir.