“Xarıbülbül” festivalı İran mətbuatının diqqət mərkəzində
Tehran, 19 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mayın 12-də qədim Şuşa şəhərində “Xarıbülbül” festivalında iştirakı İran mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, İranın “Aval Fars”, “Fararu.com”, “Newsin.ir” saytları Azərbaycan Prezidentinin festivaldakı çıxışı və konsert proqramı barədə geniş materiallar və fotoreportaj təqdim ediblər.
Materiallarda qeyd olunub ki, 29 il ərzində işğal altında qalan Şuşa şəhəri azad edildikdən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə burada musiqi festivalı keçirilib. Festivalda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, xarici qonaqlar və ictimai-siyasi xadimlər iştirak ediblər.
Yazılarda Prezident İlham Əliyevin festivaldakı çıxışına geniş yer verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işğal altındakı torpaqların azad edilməsi ilə bağlı vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu bəyan edib.
Bildirilib ki, sentyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində Qarabağı işğaldan azad edib. Bu gün Qarabağda geniş abadlıq-quruculuq işləri həyata keçirilir.
“Fararu.com” saytı isə AZƏRTAC-ın materiallarından istifadə edərək oxucularına festival barədə geniş fotoreportaj təqdim edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran