“Xarici dil – karyeraya aparan yol” olimpiadasının qalibləri mükafatlandırılıb
Sumqayıt, 5 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 5-də Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xarici dil - karyeraya aparan yol” olimpiadasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri üçün ilk dəfə ingilis, rus, alman fənni üzrə təşkil edilən olimpiadanın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Universitetin rektoru, professor Elxan Hüseynov olimpiadada qalib gəlmiş şagirdləri, onların müəllim və valideynlərini təbrik edib. Bildirib ki, Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər, konfranslar, olimpiadalar təşkil olunur.
Rektor ulu öndər Heydər Əliyevin elm və təhsilə daim böyük önəm verdiyini, Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, universitetin maddi-texniki bazası möhkəmləndirilərək ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilib. Universitet dünyanın bir çox aparıcı elm ocaqları ilə sıx əməkdaşlıq edir, tələbə-müəllim mübadiləsi aparır, ikili diplomların verilməsi istiqamətində mühüm uğurlara imza atır.
Bildirilib ki, universitetdə ilk dəfə xarici dildən keçirilən fənn olimpiadası iki mərhələdən ibarət olub. Bilik yarışında Azərbaycan və rus bölməsindən 240 şagird arasında 57 nəfər ikinci tura vəsiqə qazanıb. Olimpiadada qalib olan 13 şagird isə Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunublar.
Sonda filologiya fakültəsinin dekanı Sevinc Həmzəyeva, xarici dillər kafedrasının müdiri Nigar İsgəndərova və valideynlər olimpiadanın təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.