XARİCİ İŞLƏR NAZİRİ ABŞ MİLLİ MÜDAFİƏ KOLLECİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yüksək rütbəli hərbi zabitlərin və mülki əməkdaşların daxil olduğu nümayəndə heyətinə səfir Maykl Lemmon rəhbərlik edir. Səfər ölkələrimizin münasibətlərinin hərbi və siyasi aspektləri ilə yaxından tanışlıq məqsədi daşıyır.
Nazir qonaqlara dövlətlərarası münasibətlərin hazırkı durumu, ölkəmiz və regionumuzdakı sosial-siyasi, iqtisadi vəziyyət barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfərinin ölkələrimiz arasındakı münasibətlərdə yeni mərhələ olduğunu vurğulayan Elmar Məmmədyarov əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir. O, beynəlxalq terrorizmə qarşı mübarizədə ölkələrimizin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycan sülhməramlılarının İraq və Əfqanıstanda ABŞ qoşunları ilə əlbir fəaliyyət göstərdiyini söyləmişdir. Hər iki ölkə arasındakı ticarət dövriyyəsinin mövcud potensialdan aşağı olduğunu bildirən nazir ABŞ Konqresində qəbul edilmiş Azadlığa dəstək aktına 907-ci düzəlişin qarşılıqlı münasibətlərin inkişafına mane olduğunu diqqətə çatdırmışdır.
Nazir qonaqları maraqlandıran suallara cavab verərkən ölkəmizin iqtisadi uğurlarından, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk qrupunun hazırkı fəaliyyətindən söhbət açmış, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulamışdır.
E.Məmmədyarov Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu kimi irimiqyaslı layihələr, İƏT-in Bakı sammitində müzakirə olunmuş məsələlər, region dövlətləri ilə münasibətlər və dünyada gedən bir sıra proseslərlə bağlı qonaqları maraqlandıran suallara da cavab vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.