XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ ARAZ ƏSİMOV ÇEXİYADA SƏFƏRDƏ OLMUŞDUR
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir müavini Araz Əzimov Azərbaycan - Çexiya ikitərəfli məsləhətləşmələrində iştirak etmək məqsədilə Praqada səfərdə olmuşdur.
Məsləhətləşmələrin birinci hissəsində A.Əzimov xarici işlər nazirinin birinci müavini Tomas Pojarın rəhbərlik etdiyi Çexiya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə, həmçinin nazirliyin siyasi direktoru Martin Povejsil, Avropa ölkələri şöbəsinin baş direktoru Petr Burianek, Şimal və Şərqi Avropa ölkələri şöbəsinin müdiri Daniel Kostovan, Şimal və Şərqi Avropa ölkələri idarəsinin rəis müavini Martina Tauberova, Şimal və Şərqi Avropa ölkələri şöbəsinin nümayəndəsi Radek Matula da iştirak etmişlər.
Danışıqlar zamanı Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, yüksək vəzifəli rəsmilərin qarşılıqlı görüşlərinə, Çexiyanın xarici işlər nazirinin Azərbaycana səfərinə, Azərbaycanın Avropa İttifaqı, həmçinin NATO ilə əməkdaşlığına, iki ölkənin enerji sahəsində əməkdaşlığına, Qafqazdakı vəziyyətə, GUAM - Vışeqrad qrupu və Azərbaycan - Vışeqrad qrupu formatları çərçivəsində müvafiq sahələrdə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Növbəti iclas Vışeqrad qrupunun çex əlaqələndiricisi və Vışeqrad qrupuna üzv dövlətlərinin Praqadakı səfirliklərinin nümayəndələri ilə olmuşdur.
Tərəflər GUAM və Vışeqrad qrupu, həmçinin ayrıca olaraq Azərbaycan və Vışeqrad qrupu arasında mümkün ola biləcək əməkdaşlıq imkanlarını müzakirə etmiş və bununla bağlı konkret təkliflər vermişlər. Eyni zamanda, tərəflər GUAM-ın keçirdiyi tədbirlərdən birində Vışeqrad qrupu haqqında təqdimat keçirmək barədə razılığa gəlmişlər.
A.Əzimovun sonuncu görüşü Çexiya parlamentinin xarici əlaqələr komitəsinin sədri Yan Hamaçek ilə olmuşdur. Tərəflər yuxarıda qeyd olunan məsələlərlə yanaşı, həmçinin hər iki ölkənin parlamentlərarası əlaqələri və ABŞ-ın Çexiyada RLS bazası qurması məsələlərini də müzakirə etmişlər.