XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ABŞ KONQRESMENİ İLƏ GÖRÜŞ
Azərbaycanın terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatlara dəstəyini yüksək qiymətləndirən konqresmen, ABŞ dövləti adından dərin minnətdarlığını bildirmişdir.
Nazir E.Məmmədyarov qonağa regional məsələlər barədə ətraflı məlumat vermiş, Xəzər dənizi regionundakı proseslər və region dövlətləri ilə münasibətlərə toxunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqların mövcud durumu haqqında məlumat verərən nazir, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında mümkünlüyünü vurğulamışdır. Nazir, həmçinin münaqişənin həlli prinsipinin elementlərini açıqlayaraq, ilk növbədə işğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının vacibliyini qeyd etmişdir.
Terrorun beynəlxalq ictimaiyyət üçün təhlükə olduğunu vurğulayan nazir, dünyanı lərzəyə salan bu təhdidə qarşı birgə mübarizənin zəruriliyini qeyd etmişdir. Nazir demişdir ki, Azərbaycanın Avratlantika strukturlarına inteqrasiyası getdikcə dərinləşəcək, Tərəfdaşlığın Fərdi Əməliyyat Planı üzrə işlər sürətləndiriləcək, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndiriləcəkdir.
Region dövlətləri ilə əməkdaşlıq məsələsinə toxunan nazir E.Məmmədyarov, Azərbaycanın həyata keçirdiyi və Gürcüstanın da qoşulduğu beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri barədə məlumat vermiş, bu layihələrin ikitərəfli əməkdaşlığın inkişafına bariz nümunə olduğunu söyləmiş, regiondakı münaqişələrin sabitliyə və tərəqqiyə əngəl olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.